Labirintdə qaçış: Alovlu sınaq (film, 2015)
Labirintdə qaçış: Alovlu sınaq (həmçinin qısaca Alovlu sınaq kimi də tanınır) 2015-ci ildən kinoteatrlarda nümayiş olunan ABŞ istehsal olan distopik elmi-fantastik döyüş trilleridir. Ceyms Daşnerin “Labirintdə qaçış: Alovlu sınaq” adlı Labirint kitab seriyasının ikinci kitabından uyğunlaşdırılmış bu film həmçinin 2014-cü ildə çəkilmiş “Labirint qaçışçısı” filminin davamıdır və “Labirint” film seriyasının ikinci filmidir. Rejissoru Ues Ball olan filmin, ssenarisi T.S. Nowlin tərəfindən yazılmışdır və filmin əsas aktyor heyəti birinci filmdəki ilə eyni olsa da (Dylan O'Brien, Thomas Brodie-Sangster, Ki Hong Lee, Kaya Scodelario və Patricia Clarkson), Rosa Salazar, Jacob Lofland, Giancarlo Esposito, Aidan Gillen, Barry Pepper, Lili Taylor və Alan Tudyk bu filmin köməkçi aktyor heyətini təşkil edir.
Tomas, Tereza, Minho və digər “qleyderlər” labirintin öhdəsindən gəlsələr də, arxayınlaşmamalıdırlar. Sağ qalmaq yarışını təşkil etmiş gizli təşkilat, yeniyetmələr üçün bu dəfə yeni, daha təhlükəli sınaqlar hazırlayıb. Bu səfər onlar ucsuz-bucaqsız səhraya düşüb, müalicəsi olmayan xəstəliyin qurbanları ilə görüşəcəklər. Çılğın xasiyyətə malik bu insanlar ipə-sapa yatmayan, olduqca təhlükəli davranışları ilə seçilir.